Windows 7 tarixə qarışacaq

Windows 7 tarixə qarışacaq

‘Microsoft’ korporasiyası ‘Windows 7’ əməliyyat sisteminin dəstəklənməsini 2020-ci ilin əvvəlində tam dayandırmaq niyyətindədir. Buna baxmayaraq korporasiya artıq indidən istifadəçilərə “Windows 10” sisteminə keçməyi təkidlə tövsiyə edir.

“Microsoft” 2015-ci ilin yanvarında “Windows 7” sisteminin əsas dəstəklənməsini dayandıraraq “Windows 10” sistemini təqdim edib və korporativ müştərilər istisna olmaqla istifadəçilərə il ərzində yenilənmə üçün vaxt verib. 2016-cı ilin sonunda korporasiya istehsalçılara əməliyyat sisteminin əvvəlki versiyalarının quraşdırıldığı fərdi kompüterlərin satışını qadağan edib. 2020-ci ildə “Windows 7”-nin yenilənməsinin dayandırılmasına görə “Microsoft” bir daha bütün istifadəçiləri “Windows 10”-a keçməyə çağırır.

Bildirilir ki, “Windows 7” köhnəlib və müasir kibertəhlükələrə qarşı effektiv müqavimət göstərə bilmir. Köhnə və artıq dəstəklənməyən əməliyyat sistemindən istifadə istifadəçilər üçün kiberhücumların nəticələrinin aradan qaldırılması kimi əlavə xərclərə səbəb olur. Odur ki, korporasiya istifadəçilərə mümkün qədər tez “Windows 10”-a keçməyi məsləhət görür.

Korporasiyanın rəsmi bloqunda dərc edilən çağırışda “Windows 10”-un hazırda masaüstü kompüterlər üçün dünya əməliyyat sistemləri bazarında 25 faiz paya sahib olması qeyd olunur.

“Microsoft” əmin edir ki, hazırda “Windows 10”-a tələbat “Windows 7”-dən daha çoxdur. Dünyada “Windows 10”-un payı 43 faizə çatdığı halda “Windows 7”-nin 42 faizədək azalıb. Bu göstərici ayrı-ayrılıqda ABŞ-da əvvəlki 35 faizə nisbətdə 55, Böyük Britaniyada 31 faizə nisbətdə 58 faiz təşkil etməklə “Windows 10”-un xeyrinədir.

Lakin “NetMarkShare” tədqiqat şirkətinin analitikləri bunun əksini söyləyirlər. Onların məlumatına görə, 2016-cı ilin dekabrında dünyada istifadəçilərin 24,36 faizi “Windows 10” ilə işlədiyi halda “Windows 7” istifadəçilərinin payı həmin ayda 48,34 faizə bərabər olub.

Dəstəklənmənin dayandırılmasına baxmayaraq “Windows 7”-nin müəyyən vaxt ərzində dünyada lider kompüter əməliyyat sistemi olaraq qalması ehtimal edilir.

Qeyd edək ki, Windows 7 əməliyyat sistemi pirat üsulla (sındırılaraq) quraşıdrılmışsa, istifadəçilərin narahat olmasına heç bir lüzum yoxdur.



Əvvəlki xəbər