Psixoloq da intihar edərmiş

Psixoloq da intihar edərmiş

Tanınmış psixoloq Dəyanət Rzayev intihar edib. Bu barədə vəkil Zülfiyyə Bayramova məlumat yayıb.
Bu məlumatı Məhkəmə Tibbi Ekspertiza – Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, Dəyanət Rzayevin cəsədi ora gətirilib.

O, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. Son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.

Ailə üzvlərinin verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

Dəyanət Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sorğusuya cavab olaraq bildirilib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb:

“Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Psixoloq Dəyanət Rzayevin ölüm xəbərini eşidən, onu tanıyan hər kəs mərhumla vidalaşmaq üçün atasının evinə üz tutmuşdu.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin intihar xəbəri hər kəsi sarsıtmışdı. Kamera qarşısında danışmaq istəməyənləri başa düşmək heç də çətin deyildi. Çünki özlərinin dedikləri kimi, zarafatcıl, ərköyün, həddən artıq qayğıkeş dostları, ürək sirdaşları artıq aralarında deyildi.

Psixoloq Tariyel Faziloğlu Dəyanət Rzayevlə 15 illik dostluqlarının olduğunu bildirdi: “Dəyanəti itirmək adi bir insanı itirmək deyil mənim üçün. Hesab edirəm Dəyanət Azərbaycandan getdi”.

Jurnalist İlhamə Vəliqızı da psixoloqun ölümündən dərin təəssüf hissi keçirdiyini dilə gətirdi: “O gedişi ilə belə yenə öyrətdi ki, bu qədər yadlaşma, ögeyləşmə olmamalıdır insanlar arasında. Kaş öyrənəydik onu sıxan nə idi həyatda”.

Sabiq deputat Gülər Əhmədova isə Dəyanət Rzayevin öz ölümü ilə insanlara dərs verdiyi qənaətindədir: “Dəyanətin həyatı nə qədər mənalı idisə, onun ölümü də çox mənalıdır. O, ölümü ilə hər kəsə mesaj verdi ki, yaxınlarınızı, sevdiklərinizi tək buraxmayın”.

Rəsmi məlumatda bildirilir ki, psixoloqun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda, Murtuza Muxtarov-185 ünvanında yerləşən evində aşkarlanıb. Lakin vida mərasimində iştirak edənlər 3 gün idi onunla əlaqə saxlaya bilmədiyindən danışırdı. Həmkarları arasında hətta Dəyanətin bu hərəkətini psixoloqun şıltaqlığı kimi qiymətləndirənlər də vardı. Onlardan biri də psixoloq Elnur Rüstəmov idi: “Mən səhərdən burdayam, məsciddə də oldum. Reallıq reallıqdır, amma düşünürəm bu, Dəyanətin növbəti bir zarafatıdır”.

İntiharının səbəbi yalnız özünə bəlli olan Dəyanət Rzayev, bu gün – 26 yanvar tarixində Biləcəri qəbiristanlığında torpağa tapşırılıb.


Şərhlər

şərh