Azərbaycan 1 : 4 Almaniya

Azərbaycan 1 : 4 Almaniya

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olub.

İlk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıda da 3 xalı rahat qazanıb. 4:1 hesabı ilə məğlub olan yığmamızın yeganə təsəlli tapdığı məqam isə Nazarovun qolu olub.

Belə ki, cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası ilk dəfə millimizlə oyunda məyus olub.

AFFA-nın 25 illik yubileyi günü meydana çıxan Azərbaycan yığması üçün martın 26-sı heç də düşərli gün deyil. Belə ki, komandamız tarixi ərzində 26 martda keçirdiyi 5 qarşılaşmanın hamısında məğlubiyyətə düçar olub. Portuqaliya (0:7) və Polşa (0:8) biabırçılıqları da məhz bu tarixə təsadüf edir.

Yığmamız məğlubiyyət seriyasını davam etdirsə də, qol vuraraq “quru” hesabla uduzmağa son qoyub.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

26 mart
Azərbaycan – Almaniya – 1:4
Qollar: Nazarov, 31 – Şürrle, 19, 81, Müller, 36, Qomez, 45

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki

Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez
Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi
Baş məşqçi: Yoahim Löv

DÇ-2018-in seçmə mərhələsinin 4 oyunu və 3 yoxlama görüşündə qapısını toxunulmaz saxlayan almaniyalıları Bakıdakı görüşün 31-ci dəqiqəsində Dmitri Nazarov məyus edib.

Bunadək rəqibimiz sonuncu dəfə Avropa çempionatının yarımfinalında meydan sahibi Fransaya 0:2 uduzanda qapısından top buraxıb. Tarixində ilk dəfə ardıcıl 7 quru matç keçirməklə rekord vuran Bundestimi ötən il iyulun 7-dəki matçın 72-ci dəqiqəsində Antuan Qrizmann məyus etmişdi.

Nazarov öz qolu ilə Almaniyanın 689 dəqiqəlik seriyasını qırdı. Rəqibimiz 262 gündən sonra qapısında qol gördü.