Aşura günüdür !

Aşura günüdür !

Bu gün, oktyabrın 12-si, Aşura günüdür.

Bu gün Aşuradır. Hicri-qəməri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da (miladi təqvimi ilə 10 oktyabr 680–ci il) Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı – imam Hüseyn (ə) və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib.

Həmən qanlı hadisələrdən 13 əsirdən artıq zaman ötməsinə baxmayaraq, bu gün, hər il müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir.

İnsani itkiləri baxımından hicri 61-ci ildən sonra bəşər tarixi daha qanlı, daha irimiqyaslı faciələrə şəhidlik edib. Amma onların hamısı sadəcə olaraq bir tarixi fakt kimi sənədlərdə yaşamaqdadır. 72 nəfərin Kərbəladakı qətliamı isə nəsildən nəsilə ötürülməklə milyonlarla insanın həqiqi ürək yarası, qəlb dağıdır. Səbəbini imam Hüseyn (ə) məktəbində, Kərbəla şəhidlərinin Allaha, Peyğəmbərə (s), onun müsəlmanlara əmanət etdiyi Qurana və Əhli-beytə xalis bağlılıqlarında aramaq lazımdır. Kərbəla faciəsini bir çox dövlətlərdə bir çox hökmdarlar xalqa unutdurmağa cəhd göstəriblər. Amma Allaha bağlı olan insanların qəlblərində yaşayan Hüseyn (ə) sevgisini məhv etmək mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq.

Bu hüznlü gündə NEWS.NET.AZ heyəti bütün müsəlmanlara başsağlığı verir. Allah hər birimizə Kərbəla hadisələrini dərk etməyə, Hüseynin (ə) məhəbbətini qəlbimizdə yaşatmağa, həyatımızın hər anını “Hər gün Aşura, hər yer Kərbəla” prinsipi ilə yaşamağı nəsib etsin, inşallah.



Sonrakı xəbər
Əvvəlki xəbər